

“MƏKTƏB BULLİNQİ: NECƏ FƏRQİNƏ VARAQ VƏ NƏ EDƏK?”
mövzusunda valideyn iclasının ssenarisi.
Məqsədlər:
• Valideynlərin məktəb bullinqi, onun əlamətləri və münaqişədən fərqləri haqqında məlumatlılığını artırmaq.
• Bullinq situasiyasında hərəkət alqoritmi təqdim etmək və yanlış hərəkətlərdən çəkindirmək.
Gözlənilən nəticələr:
• Bullinq və münaqişənin fərqləndirilməsi bacarıqlarının əldə edilməsi
• Bullinq haqqında məlumatlara necə reaksiya verilməli olduğu barədə biliklərin əldə edilməsi
Hədəf auditoriyası:
Valideynlər / Təhsil müəssisələrində təhsil alanların qanuni nümayəndələri.
Keçirilmə vaxtı:
30 dəqiqə
Metodik təchizat:
• İclasın keçirilməsi üçün məkan (məsələn, məktəb sinfi)
• Stullar, masalar, qələmlər, qeyd üçün kağızlar
Paylama materialı (kağız və ya elektron formatda):
• “Münaqişə yoxsa bullinq: Necə fərqləndirməli?” adlı bələdçi
• “Uşağın bullinqə məruz qaldığını necə başa düşmək olar: yoxlama siyahısı”
• Bullinq halında hərəkət alqoritmi
Mövzunun aktuallaşdırılması üçün suallar siyahısı (10 dəqiqə):
1. “Bullinq” sözünü necə başa düşürsünüz?
2. Bullinq münaqişədən nə ilə fərqlənir?
3. Həyatınızda bullinq ilə rastlaşmısınızmı?
4. Bullinq halında reaksiyanız necə olub?
5. Övladınızın özgüvənini artırmaq və bullinqin öhdəsindən gəlmək üçün nə edəcəyinizi bilirsinizmi?
Məzmun hissəsi (15 dəqiqə):
Bullinq bir şəxsə (uşağa və ya böyüyə) qarşı qəsdən törədilən və təkrarlanan neqativ hərəkətlərdir.
Ali İqtisadiyyat Məktəbindən olan tədqiqatçılar bullinqə belə bir tərif verirlər: “Bu, güc tarazlığının pozulması kontekstində başqa bir insana zərər verən aqressiv, məqsədli davranışdır.”
Bullinqin əsas əlamətləri:
• fiziki və ya psixoloji zorakılıq
• zorakılıq hallarının sistematikliyi, müntəzəmliyi
• məqsədli və qəsdən zərər vermə
• güc bərabərsizliyi
Bullinq fərqli formalarda olur:
• Verbal (şifahi) bullinq – ələsalma, təhqir, ədəbsiz jestlər, təhdidlər
• Sosial bullinq – etinasızlıq, qrupdan kənarlaşdırmaq, şayiə yaymaq, boykot etmək
• Fiziki bullinq – əşyaların korlanması, fiziki güc tətbiq etmək
• Emosional bullinq – təhdid, psixoloji təzyiq, manipulyasiyalar və təkrarlanan aşağılamalar
• Kiberbullinq – internet şəbəkəsindən istifadə etməklə bullinq
Bullinqi münaqişədən fərqləndirən əsas cəhətlər:
1. Səbəblər: Münaqişədə adətən səbəb olur / Bullinq üçün səbəb olmaya bilər
2. Güc bərabərliyi: Münaqişədə iştirakçılar təxminən bərabər gücdə olur / Bullinqdə güc və imkanlar qeyri-bərabər olur
3. Emosiyalar: Münaqişədə hər iki tərəf bənzər emosiyalar keçirir / Bullinqdə biri zövq alır, digəri qorxu və ağrı hiss edir
4. Məqsəd: Münaqişənin məqsədi ziddiyyətin həlli / Bullinqin məqsədi zərər vermək və zövq almaqdır
5. Davametmə müddəti: Münaqişə qısamüddətli olur / Bullinq uzun müddət davam edə bilər
6. Nəticələr: Münaqişə psixoloji zərər yaratmaya bilər / Bullinq ciddi psixoloji zərərə səbəb olur
7. Son: Münaqişə həll edilə bilər / Bullinq yalnız dayandırıla bilər
Mühüm olan münaqişə və bullinqi fərqləndirməyi bacarmaqdır, çünki onlar üçün fərqli yanaşmalar mövcuddur. Münaqişədə vasitəçilik (mediasiya) mümkündür, bullinqdə isə kollektivlə kompleks iş aparılmalıdır.
Əgər övladınızın oxuduğu sinifdə bullinq baş verdiyini bilsəniz, belə edin:
I addım: Sakitləşməyə çalışın!
Gərgin emosiyalar problemin həllinə kömək etmir.
II addım: Məsələni öyrənin.
Övladınızı diqqətlə dinləyin. Faktları analiz edin və bullinq olduğunu müəyyən edin. Əgər bu sadəcə münaqişə və ya aqressiv davranışdırsa, başqa metodlardan istifadə edin.
III addım: Övladınızı dəstəkləyin və ya birlikdə başqa uşaqlara dəstək yollarını axtarın. Əsas məqsəd – kömək və müdafiədir, qisas almaq deyil.
IV addım: Sinif rəhbərinə müraciət edin.
Konkret faktları paylaşın (nə olub, kim iştirak edib, nəticələr nədir). Emosional reaksiyalardan uzaq olun. Rəhbərdən tədbir görməyi xahiş edin.
V addım: Sinif rəhbəri tədbir görəcək.
Valideynsinizsə və məktəbdə gündəlik iştirak etmirsinizsə, bullinqi necə aşkar etmək olar:
• Davranış dəyişikliyi
• Məktəbə getmək istəməmək
• Tez-tez xəstələnmək
• Akademik göstəricilərin düşməsi
• Məktəb xəbərlərini paylaşmaqdan çəkinmək
• Dərsdənkənar tədbirlərdən qaçmaq
• Əşyaların itməsinin artması
• Sosial əlaqələrin azalması
• Fiziki izlər (qançırlar, sıyrıqlar)
• Pul istəklərinin artması
• Özünə hörmətin aşağı düşməsi, güvənsizlik
Əgər bu əlamətlərdən 3 və ya daha çoxunu müşahidə etsəniz, övladınızla səmimi söhbət edin və baş verənləri öyrənməyə çalışın.
Mövzu üzrə sorğu sualları – yazılı cavab üçün təqdim edin (5 dəqiqə):
• Bullinqin qarşısının alınması və kollektivin birliyini gücləndirmək üçün hansı tədbirləri faydalı hesab edirsiniz?
• Məktəbdən bullinqə qarşı hansı gözləntiləriniz var?
• Bullinqin qarşısını almaq üçün hansı addımları atmağa hazırsınız?
• Məktəbə bullinqin qarşısının alınmasında necə kömək edə bilərsiniz?

116-111
ushaqqaynarxetti@gmail.com
+99412 480 22 80 / +99412 680 22 80 / +99412 880 11 80 / +99412 880 22 80 / +99412 580 22 80

© 2025 AntiBullinq.az. Bütün hüquqlar qorunur.